вторник, 20 октября 2015 г.

Azərbaycanda insanları niyə dilənçi hesab edirlər ?

Bu hadisəni mən ilk dəfə eşidəndə utandığımdan "yerin dibinə girmişdim". Həqiqətən deməyə söz tapmırdım, yalandan təsəlli verməyə çalışırdım, bir də onun dediklərini təsdiqləyirdim.

3 ildir əlillik mövzusunda bir layihədə iştirak edirəm, bu layihə çərçivəsində 2 dəfə Ukraynada olmuşam. Hər iki səfərimdə orada keçirilən tədbirdə Volodimir adında əlil arabasında olan bir ekspert də iştirak edib. Bu yaxınlarda eşitdim ki, bəs bu Ukraynalı ekspert və yanında da heç bir əlilliyi, yəni fiziki məhdudiyyəti olmayan bir qadın ekspert Azərbaycana gəliblər, elə məhz bu layihə çərçivəsində.

Layihənin Azərbaycan üzrə koordinatoru olan xanım dostumuz da düşünüb ki, bu iki Ukraynalı yoldaşı şəhərimizlə tanış etmək məqsədi ilə, tədbirdən sonra gəzməyə dəvət etsin. Beləliklə, əlil arabasından istifadə edən bəy və heç bir əlilliyi olmayan qadın (ukraynalı ekspertlər) və bizim yerli koordinatorumuz gəzməyə çıxıblar. Elə hər şey də bundan sonra başlayıb. Volodimir başlayıb bizim küçələrdə hərəkət etməkdə əməlli başlı çətinlik çəkməyə. Çünkü əlil arabaları ilə bir səkidən digər səkiyə keçmək üçün nəzərdə tutulan mayilli keçid, yəni "pandus" bir çox səkilərdə yoxdur. Olanların isə dərəcəsi çox yanlışdır, yəni çox üzü aşağıdır, oradan heç bir əlil arabasında hərəkət edən şəxs sərbəst şəkildə istifadə edə bilməz, gərək ona kimsə həmişə kömək etsin.

Qonaqlar gəzə-gəzə gəlib çıxıblar Milli Dənizkənarı Bulvara. Bu zaman isə əsil biyabırçılıqlardan biri baş verib. Təsəvvür edin, yeraltı keçid əlilliyi olan insanlar üçün nəzərdə tutulmayıb, yəni nə lift, nə də arabalar üçün nəzərdə tutulan qaldırıcı kran olan qurğu var bu keçiddə. Buna görə də avtomobillərin ən sürətlə hərəkət etdiyi yolların birindən, yəni keçidin üstü ilə keçməyə məcbur olublar. Təsəvvür edirsiz bu necə risk deməkdir? Insanlar nə var-nə var bizim şəhəri gəzəcəklər deyə, həyatlarını riskə atmağa məcbur olublar. Sonra da ölkəmizə turistləri cəlb etmək istəyirik?! Bu yollarla ?!

Lakin çox təəssüf ki, məsələnin ən utanc verici məqamı bütün bunlardan əlavədir. Ticarət mərkəzlərdən birinin girişi müyəssər olmadığı üçün, yəni hər kəsə əlçatan olmadığına görə, Volodimir bura qalxa bilməyib, digər 2 xanım yoldaşa söyləyib ki, siz girin gəzin mən sizi burda gözləyərəm. Xanımlar ticarət mərkəzinə daxil olduqdan sonra, yoldan keçən vətəndaşlarımızdan biri yaxınlaşıb əlil arabasında olan ukraynalı ekspert Volodimirə pul uzadıb. Onu dilənçi kimi qələmə verərək sədəqə vermək üçün ona pul uzadıb. Əcnəbi dostumuz təbii ki, ilk növbədə dilənçi olmadığını və o şəxsin puluna ehtuyac duymadığını bildirib. Qonağımızın bu hadisədən sonra əhvalı əməllicə korlanıb, şəhərimizin süni gözəlliyi də burnundan gəlib. Hadisədən sonra xanımlar ticarət mərkəzindən çıxıb bizim yerli koordinatorumuza sual verib: "Mən kənardan baxanda kasıb birinə oxşayıram?"

Axı niyə də kefi korlanmasın? Kimin xoşuna gələr kiminsə onu dilənçi yerinə qoyub pul təklif etməsi?
Bu kimi hadisələrin baş verməsinin səbəbi də heç qaranlıq deyil, məsələ çox bəsitdir. Azərbaycanda dilənçilərin 50-60% hər hansısa bir əlilliyi, yəni fiziki məhdudiyyəti olan insanlardır. Ən pisi də, aidiyyatı dövlət qurumları buna göz yumur! Gəl bir nəfər əlinə gitara alıb çıxsn bayıra ki, küçə musiqisi ilə məşğul olub pul qazansın, dərhal polislər gəlib buna mane olacaqlar. Amma bu qədər fiziki məhdudiyyəti olan insanların küçədə sərbəst şəkildə dilənməsinə və digər əlilliyi olan insanların adına xələl gətirmələrinə göz yumurlar. Özü də ən pisi də bilirsiz nədir? Bu şəxslər əksər hallarda başqaları tərəfindən diləndirilirlər, yəni əməlli başlı insan istismarı baş verir. Aidiyyatı qurumlar bunu bildikləri halda buna göz yumur!!

Məsələnin kinci bir tərəfi də var. İnsan nə qədər düşüncəsiz olmalıdır ki, hansısa bir əlilliyi olan şəxs əlini açıb pul dilənir deyə, sakitcə öz yolunu gedən və ya dayanıb kimisə gözləyən və heç kimdən pul istəməyən digər əlilliyi olan şəxsləri də dilənçi hesab etsin?
Belə insanlar o qədər dar düşüncəlidirlər, daha ətraflı yazıram ki, bəlkə görüb o boş başlarına nəsə girər. Deyirəm ki, yəni həkimlər ağ uniforma geyinirsə, deməli bütün ağ uniforma geyinənlər həkimdirlər? Axı bunun aşbazları da var, onlar da bənzər geyinirlər. Və ya daha konkret, bir nəfər əlilliyi olan şəxs dilənirsə, deməli bütün əlilliyi olan insanlar dilənçidir? Yəni insan hansı düşüncəyə sahib olmalıdır ki, tanışlarını gözləyən əcnəbi ekspertə yaxınlaşıb pul uzatsın?

Bu yazıları yaza-yaza yenə əsəbləşdim, davam etməyə səbr çatmır, düşüncəsi olan özü nəticə çıxarar.
Müəllifi facebookda izlə.


Murad Məmmədov



Комментариев нет :

Отправить комментарий