четверг, 10 сентября 2015 г.

15 ilimizi nəyə sərf edirik ?

Bir dəfə təxminən gecə saat  iki radələri olardı, iki dostumla oturmuşduq kafedə söhbət edirdik, dostumun biri elə oturduğumuz kafenin sahibi idi. Söhbət əsnasında bəlli oldu ki, heç birimiz hazırda fəaliyyət göstərdiyimiz sahə üzrə təhsil almamışıq, amma hər üçümüz öz sahəmizdə cəmi bir neçə il pratiki olaraq çalışaraq öyrənməklə bu sahədə azdan çoxdan sözümüzü demiş adamlarıq.

Sonra o biri otaqdan yarı çılpaq bir qız çıxdı diqqətlə bizə baxdı. Cazibədar addımlarla bizim tərəfə gəlirdi ki, tez gözlərimi yumdum, açanda gördüm qız yoxdu. Əslində ümumiyyətlə qətiyyən heç belə qız söhbəti olmamışdı, sadəcə yazının davamını oxumanız üçün biraz rəng qatıram, axı bu gün insanımız intim mövzuları daha çox oxuyur.

Ama bu yazını ciddiyə alıb diqqətlə oxusanız daha çox şey qazanmış olarsız. Nə isə mənə bu söhbətdə maraqlı gələn o oldu ki, əgər hər üçümüz çalışdığımız sahədə fəaliyyət göstərmək üçün təhsil almamışıqsa, insanlar niyə hər hansısa bir peşəyə yiyələnmək üçün 11 il məktəbə, daha sonra 4 il universitetə gedirlər ?
Bilirəm hazırda diplomu olan hər kəs məqalənin bitməsini gözləyir ki, balta mişarla üzərimə hücum etsinlər, ama mən qətiyyən demirəm ki, o diplom lazımsızdı xeyir, düz eləmisiz almısız, imkan olsa məndə istiyərəm ondan bir iki dənə :)
Mən başqa şey demək istəyirəm. Deyirəm ki, diməli burada maraqlı olan tərəflər var. Məsələn:

Deməli kimlərəsə maraqlıdır ki, dünyaya gələn hər bir uşaq, 11 il məktəbə getsin, 17 yaşına qədər başı qarışsın və bu zaman ərzində hansısa bir işə başlaya bilməsin. Sonra məktəbi bitirsin, 4 ildə universitetə getsin, adam oldu 21 yaş. Hələdə bir işə başlaya bilmir. Sonra Universitet  həyatı  bitdikdən sonra, əgər oğlandırsa bir ildə əsgərlik, Elədi 22 yaş. Ordanda gəlincə nəsə bir iş tapmaq, İş tapan kimi ailə qurmaq, adam oldu 30-a yaxın yaşda sistem qurbanı. Yəni, sistemi elə qurublar ki, sən bu periodu mütləq keçməlisən. Başqa yolun yoxdu. Bu təhsil sistemi və rejimi ilə də çətin ki, kimsə yeniyetmə yaşlarında nəsə yaratsın, nəsə ixtira etsin və ya artıq hasısa sahədə peşəkar olsun. 100 nəfərdən biri bunu edə bilər ya etməz. 11 il o lazımsız məktəbi mütləq oxumalısan, yoxsa adam yerinə qoymazlar səni heç yerdə. Niyə görə lazımsız diyirəm ? çünkü əgər sən maksimum 6-cı sinifə qədər, yazmağı, oxumağı, dünyanın gedişatını dəyişdirən ixtiraları, dəyişən şəxsləri və sairə bütün önəmli olan məlumatları 6-cı sinifə qədər öyrənə bilərsənsə, qalan 4 ili sən niyə vaxt itirəsən axı ? Niyə sənə ilk 6-cı sinifə qədər tarakanların içalatını, nə bilim yalnız şiddət, zorakılıq təbliğ edən saxtalaşdırılmış tarixi, və sairə sənin ömür boyu istifadə etməyəcəyin bilikləri öyrənəsən ? Tamam toplama, çıxma, bölmə, vurma və sairə elementar riyaziyat bilikləri öyrətsinlər, daha niyə görə sən riyaziyatçı olmayacağın halda, əlinin altında elektron hesablayıcı olduğu halda  70-ci ildə (məsəl üçün 70-ci il deyirəm çox ciddiyə almayın)  hanısa bekarın icad etiyi riyaziyat düsturunu əzbərləməlisən, və ən dəhşətlisi əzbərləməsən sinifdən sinfə keçə bilməyəsən ki ? Axı sən riyazıyatçı olmaq niyyətində deyilsən. Olmaz ki, bu riyaziyyat əvəzinə sənin seçəcəyin sahənin xırdalıqlarını sənə öyrətsinlər ?

Yəni, sənə gələcəkdə seçməyəcəyin ixtisasın, peşənin elementar biliklərini öyrətmələri əvəzinə, o peşələrin, ixtisasların xırdalıqları ilə sənin beynini niyə yorurlar, niyə səni bu qədər məşğul edirlər ? Axı bunları etməsələr sən daha yeniyetmə olduğun çağlardan hansısa bəyəndiyin sirf bir peşənin xırdalıqlarını, incəliklərini, dərinliklərini öyrənərək 17 yaşına çatanda peşəkar ola bilərdin.
Əgər sən məsələn atıram, texnalogiya sahəsində 4 il universitet oxuyub bitirdikdən dərhal sonra hansısa mobil telefonu yada televizoru söküb yığa bilmirsənsə, bunu  etməyin üçün hələ bir il peşəkarın yanında praktikadan keçməlisənsə, olmaz ki, elə  13 yaşında məktəbi bitirib 1 il hansısa sevdiyin peşəni hansısa bir peşəkarın yanında öyrənərək bir maksimum iki ilə özün peşəkar olub artıq 14-15 yaşında sevdiyin peşənin ustası olaraq çalışmağa başlayasan? Axı o zaman sən nə ailə qurmaq haqda düşünürsən nə "vaxt keçir tez bir işə girim aylıq maaş alım" qayğısında deyilsən. O yaşda əgər həvəsin varsa hanısa sahəni çox sevirsənsə sən daha həvəslə daha təmiz beyinlə öz sahəndə mükəmməl yaradıcılıqlara imza ata bilərsən, Nəinki illərlə lazımsız, sahənə aid olmayan şeyləri oxuyub yorulub 22 yaşa çatana qədər.

Sizlik bir məsələ yoxdur, sistemi elə qurublar ki, məcburuq məktəbə də gedək universitetə də. Sizlik başqa şeylər var ki, onu da irəliləyən sətirlərdə yazacam.
Dediyim kimi elə sistem yaradılıb ki, sanki insan bu 15 illik təhsili almasa yüksək uğurlara imza ata bilməz. Ama əslində heçdə belə deyil.

Məsələn, sizin 100 dollarlıq əskinasın üzrəində gördüyünüz ağsaqqal "Benjamin Franklin" bir ailənin sahib olduğu 15 uşaqdan sadəcə biri idi, Buna görə də o 2 il Boston latin məktəbində oxuduqdan sonra 10 yaşında məktəbdən çıxır və işləyərək ailəsinə kömək etməyə başlayır, lakin bu ona gələcəkdə siyasətçi, diplomat, yazar, nəşriyatçı və Amerikanın qurucularından biri olmağına mane olmamışdı.

Və ya götürək dünyanın ən populyar sosial şəbəkəsinin sahibi olan Mark Zuckerberg"i. Harvard ünviversitetində təhsil alan Mark, təhsilini yarımçıq qoyaraq universiteti tərk edir. Lakin dünyann ən gənc milyarderi olan bu şəxsin hələ 2008-ci ildəki kapitalı artıq $1,5 milyard təşkil edirdi.

Forbes jurnalının nə az nə azacıq düz 27 dəfə dünyanın ən zəngin adamı elan etdiyi Microsoft şirkətinin yaradıcısı Bill Geyts də şirkəti yaratmaq üçün Harvard ünviversitetində təhsilini yarımçıq qoymuşdu.

Siyahını daha da böyütmək olar. Lakin bu yazıda əsasən iki mesajı çatdırmaq istəyirəm, amma konturum çatmasa "iksn br msja yrlşdrcm" :D

Birinci mesaj odur ki, dünyada və ölkəmizdə tətbiq olunan bu cür təhsil sistemi həqiqətən çox yanlışdır, insanları müəyyən yaşa qədər, "oxu yaxşı maaşlı bir işə düzəl" adı ilə vaxt itkisinə yol vermələrinə səbəb olurlar. Əgər bir uşaq qeyd etdiyim kimi 6 cı sinifə qədər yalnız ən önəmli bilikləri alsa, ondan sonra isə istədiyi bir peşəni öyrənməyə başlasa o ömrünün konkret olaraq 10  ilinə yaxın zamanına qənaət etmiş olar. Uşaqların beyinlərinə yeridiblər ki, yaxşı pul qazanmaq üçün mütləq 11 il məktəb 4 il universitet oxumalısan. Halbuki, bəzi kompyiter proqramları  ilə yaradılan "Angry Birds" yəni "Qəzəbli Quşlar" oyunu onun yaradıcılarına 2011-ci ildə 106 milyon dollar qazandırmışdır. Axı bu proqramları məktəblər öyrətmirlər, uşaqlar lazımsız məlumatlar öyrəndikləri bu məktəb illəri əvəzinə bu proqramları cəmi 1-2 ilə öyrənə bilərlər.
Ama sistem elə qurulub ki, sən universitet diplomun olmasa səni heç yerdə ciddi qəbul etməyəcəklər, hansısa sahədə artıq peşəkar olsan belə, bunu belə ediblər ki sən onlardan aslı olasan. Konkret olaraq desəm, 2 maksimum 3 ilə praktikada öyrənə biləcəyin bir şeyi sənə illərlə yalnız nəzəriyyə yolu ilə öyrədərək sənin zamanını boşa xərclədirlər.

İkinci verə biləcəyim mesaj o ola bilər ki, bütün bu yazılanları bildikdən sonra yenədə hər şeyi təhsildən gözləmə, Təhsildən gözlə, amma mövcud olan təhsil sistemindən gözləmə. Özünü ya da övladını əsasən gələcəkdə və ya artıq çalışmaq istədiyin peşənin təhsilinə yönəlt. Hazırki durumda edə bilcək bir şey yoxdur, məktəbə getmək daha sonra isə istəyirsinizsə universitetə getmək lazımdır, lakin edə bilcəyiniz şey odur ki, özünüz praktiki olaraq sevdiyiniz peşəni öyrənməyə başlayın. Məlumat əlçatımlılığının ən yüksək səviyyədə və rahatlıqda olduğu bir zəmanədəyik, başlayın özünüz əlavə məlumatlar resurslar taparaq sevdiyiniz peşəyə yiyələnin. Bu olduğu halda, yəni artıq o ixtisası praktiki olaraq öyrəndikdə peşəkarı olduğunuz halda, sizin diplomunuz oldu olmadı siz qurulan sistemdən aslı olmayacaqsınız, çünkü sizin artıq əlinizdə praktiki olaraq və yüksək səviyyədə bacardığınız birşeylər var. Başlamaq üçün məcburi şəkildə oxumalı olduğunuz bu illəri gözləməyin, övladınızda bu yazını oxumursa ona bunları öz vasitənizlə çatdırın :)

Təhsil yaxşı bir şeydir, hər bir şəxs çalışdığı sahənin təhsinili almalıdır, yoxsa vəziyət bu gün ölkəmizdə olduğu kimi acınacaqlı olmağa davam edər. Sadəcə bu təhsilin sistemi doğru şəkildə qurulmalıdır, praktiki təhsilə üstünlük verilməlidir, insanların kifayət qədər uzun illərini boşa xərcləyəcək nəzəriyyə təhsili şəkilində yox.


Murad Məmmədov


Комментариев нет :

Отправить комментарий