вторник, 6 января 2015 г.

Cəmiyyətin kuklası olmayın.

Bir dəfə bir yaxınımla Bakı kəndərindən birində keçirilən "sünnət toyu"na gedirdik. Palatkaya çatmağa az qalmışdı ki, yaxınım dedi sırqanı çıxart, yaxşı deyil, Bakı kəndidi.  Mən o yaxınıma baxdım və gülümsədim, ama sırqanı çıxarmadım. Sonra biz toya daxil olduq, gözlədiyim kimi toy normal keçdi, diqqətlə baxan da oldu, normal yanaşanda, baxmayanda və sairələri də. Yəni adi günlərdə olduğu kimi, qeyri adi bir hadisə yaşanmadı.
Ama mən "mən" olaraq qaldım, başqaları nə düşünər deyə başqasının hüququnu pozmayan öz şəxsi seçimimdən müvəqqəti olsa da vazgeçmədim.

Hesab edirım ki, əgər sən öz istədiyin kimi deyil, cəmiyyətin istədiyi kimi yaşayırsansa və davranırsansa, onda sən "sən" olmursan, olursan cəmiyyətin kuklası, hansı havanı çaldılar səndə onu oynayırsan.
Diqqətlə baxanda açıq aşkar görünür ki, cəmiyyətimizdə gənclərin əksəriyyətinin öz azad düşüncəsi yoxdur. Azad düşüncəyə şəxsi fəlsəfəyə sahib olanların da əksəriyyəti qorxur və çəkinirlər bunu bildirməkdən və beləliklə qoşulurlar "camahat nə deyər partiyası"na
Ən acı və olduqca ən real faktlardan biri də budur ki, Sən hər hansısa bir qeyri ənənəvi olan şeylərə öz düşüncənlə, öz məntiqinlə yanaşmırsan. Səndən öncəkilər necə düşünüblərsə, səndə elə düşünürsən, azad fikirin yoxdur. İnsanmırsan ? gəl yoxlayaq.

Əgər sən İtaliya da, Hollandiya da və ya hansısa bir digər avropa ölkəsində və o ölkənin ailəsində dünyaya gəlsəydin, sənin tanıdıqlarından, dostlarından və hətta yaxınlarından olan bir xanım mütləq siqaret çəkən xanım olacaqdı. Bu zaman təbii ki, sən siqaret çəkən xanımlara indi yanaşdığın kimi aqressiv və mənfi yanaşmayacaqdın, çünkü orada əksəriyyət buna normal baxır. Amma sən Azərbaycanda və Azərbaycanlı ailəsində dünyaya gəlmisən, yox falçı deyiləm, sadəcə hal hazırda bu yazını oxuduğun üçün belə düşünürəm : )  nəysə mövzudan yayınmayaq. Dediyim kimi, amma sən Azərbaycanda və Azərbaycanlı ailəsində dünyaya gəlmisən yaxşı eləmisən, necə diyərlər "yaxşı ki, varsan". Sadəcə məsələ bundadır ki, sən Azərbaycanda doğulduğun üçün Azərbaycanda daha öncələrdən olmayan şeylərə, yəni yeniliklərə tolerant yanaşmırsan, çünkü səndən öncəkilərdə belə yanaşıblar və düşünüblər.

Bax məsələdə bundadır əzizim, yaxşı olardı ki, sən illərlə bu günlərə gəlib çıxmış şablon düşüncələrlə davranmayasan, özün hər şeyi araşdırasan, kitablar oxuyasan ki, səndə şəxsi və azad düşüncən yaransın. Bundan sonra sənin özünün pislə yaxşını ayırmaq  qabiliyyətin formalaşacaq. Söyləmirəm ki, sən mütləq nələrəsə yaxşı baxmalısan və ya tolerant olmalısan, xeyir. Məndə razıyam, siqaret yaxşı birşey deyil, nəinki xanımlara hətta bəylərə də ziyanlı birşeydir. Ümummiyyətlə məsələ siqaretdə deyil, məsələ ondadır ki, sən səndən öncəkilərin kopyası olmamalısan və qətiyyən səndən öncəkilərin yalnız doğru və ideal düşündüklərini hesab etmə. Yəqin ki, keçmişdə cahillikdən və xurafatdan irəli gələn adətləri sadalamağıma ehtiyac yoxdur, bu əksəriyyətimizə bəllidir.

Nəyəsə mənfi yanaşırsan? doğru hesab etmirsən ? belə yaxşı edirsən, öz işindir, Vallah Billah mən sənin məcburi şəkildə nəyəsə münasibətini dəyişməni istəmirəm, əksinə yazıda göründüyü kimi, insanların kiminsə fikirinə görə öz şəxsi seçimindən və düşüncəsindən  əl çəkməyinin əleyhinəyəm. Nəyisə bəyənməməyin normaldır, ama bunu öz düşüncənlə et, camahatın düşüncəsi ilə yox. Axı sən fayıllar yüklənən məlumat daşıyıcı flash kart deyilsən, sən fərdsən və fərdi düşüncələrin, seçimlərin, istəklərin olmalıdır.

Ötən yazılarımdan birində qeyd etmişdim, və burada da yerinə düşür, "sürü halında hərəkət etmək qoyunlara məxsusdur". Buna görə də, nəyisə bəyənməyəndə, doğru hesab etməyəndə, demə ki, ay nə bilim "bizim xalqa yaraşmır" "bizim mentalitet belə gəldi" "adətlərimiz belə getdi" və sairə. Axı nə qədər olar ? küçədə keçirilən video sorğulara baxırsan, dəli olursan. Həqiqətən biyabırçılıqdı. Kimə baxırsan deyir, millət, xalq, camahat və sairə. Nəyisə bəyənmirsən, çox gözəl, denən ki, mən filan filan şeyləri filan şəxsi məntiqimə əsaslanaraq yanlış hesab edirəm. Bax bu zaman diyərəm halaldı, şəxsi fikiri olan insan. Ama sənə acı bir xəbərim də var, sən başqa bir şəxsin, sənin hüququnu pozmayan şəxsi seçiminə görə təhqir etmək üçün hansısa məntiqi əsas gətirə bilməyəcəksən, çünkü adı üstündə, "başqasının hüququnu pozmayan şəxsi seçimi" buda o deməkdir ki, bunun başqa birinə adiyyatı yoxdur.
Sən bu dünyaya təmiz ağ "vərəqlə" (beyinlə) gəlmisən, ola bilər müəyyən yaşa qədər sən müxtəlif düşüncələrlə yetişdirilmisən, bu normaldır. Ama artıq müəyyən və olğun yaşa çatdıqda, sən özün şəxsi azad fikir və məntiq formalaşdırmalısan. Unutma ki, vərəqi yazan qələm varsa, onu silən pozanda vardır. Sənin "pozanın" isə, kitabların, gördüklərini obyektiv və neytral analiz edən düşüncəndir.


Bəyəndinsə Facebook da paylaş.



Facebook"da izlə.
Murad Məmmədov

Комментариев нет :

Отправить комментарий